home Mərkəzi Bank   Kommunikasiya departamenti  in English
Logo Capitol map blur
r01
  PRESS RELİZLƏR         FOTO QALEREYA         VIDEO QALEREYA         MƏTBUAT    
     
  17 mart 2011, Bakı. Vaşingtonda keçirilən “Azərbaycan günləri” çərçivəsində
Mərkəzi Bankın sədri Elman Rüstəmov bir sıra görüşlər keçirib

Dünya Bankının (DB) Vaşinqtondakı baş ofisində keçirilən “Azərbaycan günləri” çərçivəsində Mərkəzi Bankın
sədri Elman Rüstəmov Dünya Bankının prezidenti Robert Zoellik və Beynəlxalq Valyuta Fondunun (BVF) baş
iqtisadçısı Oliver Blanşard ilə görüşüb.

E.Rüstəmovun cənab R.Zoelliklə görüşü zamanı DB-ı ilə Azərbaycan arasındakı əməkdaşlığın inkişaf tarixi,
bu əməkdaşlıq nəticəsində əldə olunan nailiyyətlər və gələcək əməkdaşlıq perspektivlərinə dair geniş fikir
mübadiləsi aparılmış, ölkə üzrə yeni iqtisadi inkişaf strategiyasının müxtəlif istiqamətləri müzakirə
olunmuşdur.

DB-ın ölkədə bazar iqtisadiyyatının qurulması, iqtisadi artım üçün əsasların yaradılması, yoxsulluğun
azaldılması və modern infrastrukturun yaradılması, makroiqtisadi idarəetmənin təkmilləşdirilməsi, səhiyyə
sistemində islahatlar, maliyyə sektorunun inkişafı istiqamətlərində Azərbaycana dəstək olduğunu vurğulayan
E.Rüstəmov bildirmişdir ki, DB-nın iqtisadi islahatların “balanslaşdırılmış” liberal strategiyasının yaradılmasına
praqmatik və tarazlaşdırılmış baxışı həmişə inam və maraq doğurmuşdur. Görüşdə qeyd olunmuşdur ki, DB-
nın mövcud portfelinin həcminə görə Azərbaycan Avropa və Mərkəzi Asiya regionunda öndə gedən
ölkələrdəndir. Formalaşdırılmış portfel ölkənin dayanıqlı iqtisadi inkişaf və diversifikasiya çağırışlarına
adekvatdır. Görüşdə həmçinin yeni strateji əməkdaşlığın istiqaməti kimi qarşılıqlı intellektual mübadilənin
zəruriliyi də qeyd olundu.

Görüş zamanı Azərbaycan və Dünya Bankının birgə həyata keçirdiyi layihələrə də toxunulub. Qeyd edilib ki,
hazırda DB-ı yeni layihə - təhsil sahəsində strateji islahatlar layihəsi üzərində fəal işləyir ki, bu da ölkəmiz üçün
prioritet sahələrdəndir. “Biz hesab edirik ki, bu layihə təhsilin bütün səviyyələrini əhatə etməli və sistemli
xarakter daşımalıdır” - deyə E. Rüstəmov bildirmişdir.

E. Rüstəmovun cənab R.Zoelliklə görüşü zamanı həmçinin Azərbaycandakı biznes mühitinə dair də fikir
mübadiləsi aparılmışdır.

Proqram çərçivəsində Mərkəzi Bankının sədri Elman Rüstəmov BVF-nin baş iqtisadçısı Oliver Blanşard ilə də
ikitərəfli görüş keçirib. Görüşdə BVF ilə Azərbaycan arasındakı əməkdaşlığın hazırkı vəziyyəti və gələcək
əməkdaşlıq perspektivləri müzakirə predmeti olub. Bununla yanaşı E.Rüstəmov 2010-cu ildə bank sektorunun
inkişafı, Mərkəzi Bankın məzənnə siyasətinin orta və uzunmüddətli strategiyası, eləcə də maliyyə sabitliyinin
gücləndirilməsi üçün görülmüş makroprudensial və nəzarət tədbirləri barədə ətraflı məlumat verib.

Görüşdə həmçinin qlobal iqtisadi şərait və Azərbaycanda artım imkanları, neft ölkələrində makroiqtisadi
siyasət qaydaları, postböhran dövründə pul və maliyyə sabitliyi siyasətinin çərçivələri də müzakirə obyekti olub.

Cənab O.Blanşard öz növbəsində Azərbaycan günlərinin keçirilməsini ikitərərfli əlaqələrin inkişafına böyük
töhfə verəcəyini vurğulayaraq gələcəkdə də bu əməkdaşlığın yüksələn xətt üzrə inkişaf edəcəyini qeyd edib.

Həmçinin “Azərbaycan günləri” çərçivəsində Mərkəzi Bankın sədri DB-nın icraçı direktoru Mişel Mordasini və
BVF-nun icraçı direktoru Rene Verber ilə də görüşüb.


Görüşdə Azərbaycanın iqtisadi durumu barədə məlumat verən E. Rüstəmov qeyd edib ki, son 7 ildə ölkədə
iqtisadi artım 3 dəfə artıb və bu gün Azərbaycan iqtisadi artım tempinə görə dünyada lider ölkələrdəndir. Daha
sonra sədr Azərbaycan iqtisadiyyatı üçün önəmli olan sahələrdə DB, BVF və Mərkəzi Bankın birgə tədqiqatlar
həyata keçirə biləcəyini də vurğulayıb.

Öz növbəsində M.Mordasini və R.Verber də təmsil etdikləri beynəlxalq qurumların Azərbaycanla
münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluqlarını bildirdilər.

BVF-nin icraçı direktoru Azərbaycanın neft gəlirlərinin düzgün istifadə edilməsi sahəsində böyük uğur və zəngin
təcrübəyə malik olduğunu vurğulayaraq qeyd edib ki, bu təcrübənin digər ölkələr, xüsusi ilə də Afrika ölkələri ilə
paylaşmaqla Azərbaycan həmin dövlətlərin inkişafına böyük tövhə vermiş olar. Görüşlərdə özəl sektorun
inkişafı sahəsində görülən işlərə də toxunulub və qeyd edilib ki, islahatların davam etdirilməsi və prosedurların
asanlaşdırılması istiqamətində görüləcək işlər Azərbaycanı bu sahədə lider ölkəyə çevirə bilər.

Görüşdə həmçinin Mərkəzi Bank ilə DB və BVF arasında gələcək qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə
olunub. Sonda E.Rüstəmov hər iki beynəlxalq qurumun icraçı direktorlarına Azərbaycan mədəniyyətini əks
etdirən xatirə hədiyyələri təqdim edib.

Səfər çərçivəsində E. Rüstəmov DB-nın Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar direktoru Teodor Ahlers,
eləcə də DB-nın Cənubi Qafqaz regionu üzrə direktoru Əsəd Aləmlə də görüşüb. Qarşılıqlı əməkdaşlıq
məsələlərinin müzakirə edildiyi görüşdə Əsəd Aləm E. Rüstımova DB-da olan Azərbaycana dair mövcud
layihələr barədə məlumat verib. O bildirib ki, kapital bazarlarının müasirləşdirilməsi layihəsi, həmçinin
Azərbaycanın suvarma sisteminə dair layihə aprelin 17-də direktorlar şurasında müzakirəyə çıxarılacaq.

Mərkəzi Bankın sədri Elman Rüstəmov səfər çərçivəsində DB və BVF-nın Azərbaycanlı cəmiyyəti və ABŞ-da
təhsil alan tələbələrlə
də görüşüb. Görüşdə çıxış edən E.Rüstəmov qeyd edib ki, bu gün ölkəmizin ən böyük
dəyəri insan resurslarıdır. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda çalışan azərbaycanlıların sayının
artması ölkəmizin daha geniş təmsil olunması baxımından çox önəmlidir.

“Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm
amilinə çevrilmələrini təmin etmək məqsədilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi, dövlət büdcəsində təhsil xərclərinin ilbəil artırılması
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri
hesab etməsi ilə birbaşa bağlıdır”- deyə Elman Rüstəmov bildirib. Çıxış zamanı Elman Rüstəmov son iki ildə
dünyada cərəyan edən qlobal böhran fonunda milli iqtisadiyyatın vəziyyəti, qlobal böhranla mübarizə
istiqamətində görülmüş preventiv tədbirlər, ölkənin iqtisadi inkişafında yeni strateji çağırışlar barədə öz
fikirlərini tələbələrlə bölüşüb.

Elman Rüstəmov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin son göstərişlərinə əsasən hökumət ölkədə
azad sahibkarlığın inkişafı istiqamətində fəaliyyətin gücləndirilməsinə və ölkədə sözün əsl mənasında fəal
intellektual axtarışlara başlanılıb.

Mərkəzi Bankın nümayəndə heyəti, Dövlət Neft Fondunun sədri Şahmar Mövsümov, Azərbaycanın ABŞ-dakı
səfiri Yaşar Əliyevin də iştirak etdiyi görüşün sonunda Elman Rüstəmov iştirakçıların ünvanladığı sualları
cavablandırıb və onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparıb.

 
days
Created by Azerin LLC
carpet cuisine music