home Mərkəzi Bank   Kommunikasiya departamenti  in English
Logo Capitol map blur
r01
  PRESS RELİZLƏR         FOTO QALEREYA         VIDEO QALEREYA         MƏTBUAT    
     
  15 mart 2011, Bakı. Dünya Bankının Vaşinqtondakı baş ofisində
Azərbaycan günlərinin açılış mərasımi keçirilib


Azərbaycan Respublikasının Mərkəzi Bankı və Dünya Bankının (DB) Azərbaycan üzrə nümayəndəliyinin birgə
təşkilatçılığı ilə 15 mart 2011-ci il tarixində Dünya Bankının Vaşinqtondakı baş ofisində Azərbaycan günlərinin
açılış mərasimi keçirilib. 

Açılış mərasimində çıxış edən Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar direktoru Teodor
Ahlers bildirib ki, Azərbaycan son illərdə çox sürətli inkişaf yolu keçərək orta gəlirli dövlətlər qrupuna daxil olub.
İndi isə Azərbaycan qarşısında yeni perspektivlər və çağırışlar durur: “Biz bu çağırışların düzgün həllində
Azərbaycanın yanında olmağa hazırıq və son 18 ildə olduğu kimi bundan sonra da əməkdaşlığımızı artan xətt
üzrə inkişaf etdirmək istəyirik. Azərbaycan təbii ehtiyatlarından əldə edilən gəlirlərin düzgün idarəedilməsi üzrə
digər ölkələr üçün nümunə olacaq bir təcrübəyə malikdir və bu təcrübənin bölüşdürülməsi önəmlidir”.

Dünya Bankı ilə Azərbaycan arasındakı münasibətlərin inkişafında Azərbaycan günlərinin böyük rol
oynayacağını qeyd edən Teodor Ahlers bildirib ki, DB əməkdaşlarının Azərbaycanın zəngin mədəniyyət irsi ilə
tanışlığı ilə yanaşı keçirilən çoxsaylı ikitərəfli görüşlər əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm
qoymasına kömək edir.

Daha sonra çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının Vaşinqton ofisində Azərbaycan
günlərinin keçirilməsindən böyük şərəf və qürur hissi duyduğunu bildirərək qeyd edib ki, bu tədbir DB ilə
Azərbaycan arasında mövcud olan məhsuldar əməkdaşlıq tarixində əlamətdar hadisədir. E.Rüstəmov
Prezident İlham Əliyevin tədbir iştirakçılarına təbrik və salamlarını çatdırıb və Dünya Bankının Prezidenti Robert
Zoellikə tədbirin təşkilində dəstəyinə görə minnətdarlığını bildirib. “Hesab edirəm ki, tədbirin zəngin proqramı
bizim dostlarımız və qonaqlarımızla intellektual dialoq aparmağa, həmçinin Azərbaycanın zəngin mədəni irsi ilə
yaxından tanış olmağa imkan yaradacaq” - deyə E.Rüstəmov bildirib.

Daha sonra isə Azərbaycanın iqtisadi inkişaf perspektivləri və DB ilə əməkdaşlıq strategiyasına toxunan
Mərkəzi Bankın sədri Dünya Bankının dünya iqtisadiyyatındakı önəmli rolunu qeyd edərək bildirib ki, bankın
fəaliyyəti postkommunist düşərgəsi üçün strateji önəm daşıyır. O, bildirib ki, məhz iqtisadi transformasiyanın
ilk illərində Dünya Bankının fəal dəstəyi keçid iqtisadiyyatına malik ölkələrdə bazar iqtisadiyyatının
formalaşdırılması və inkişafı, habelə bazar mentalitetinin dərinləşməsinə kömək edib. 1992-ci ildən bəri
DB ilə əməkdaşlıq nəticəsində Azərbaycan bütün istiqamətlərdə strateji dəstək alıb.

E.Rüstəmov istehsalat infrastrukturunun modernləşdirilməsi, kiçik və orta biznes, yoxsulluğun azaldılması
proqramı çərçivəsində Dünya Bankı ilə ölkəmiz arasında əməkdaşlığın uğurla davam etdiyini qeyd edib.

Qlobal iqtisadi böhranın dünya qarşısında yeni çağırışlar qoyduğunu deyən Elman Rüstəmov bildirib ki, məhz
bu səbəbdən dayanıqlı inkişafın və qloballaşma məsələlərinin idealogiya və yanaşmaları artıq dəyişir. Dünya
iqtisadi sisteminin stabil gələcəyi üçün fəal polemika və intellektual axtarışlar aparılır.

Açılış nitqindən sonra E.Rüstəmov tədbir iştirakçılarını Azərbaycan mədəniyyətinin ən yaxşı nümunələri ilə
tanış olmağa dəvət edib.

Qeyd edək ki, Azərbaycan günləri çərçivəsində Dünya Bankının binasında Azərbaycan mədəniyyətini təqdim
etmək məqsədilə Azərbaycan iqtisadiyyatı, Dünya Bankı ilə əməkdaşlıqla bağlı xüsusi stendlər qurulub,
xalçaçılıq və ipək sərgisi, FOTO QALEREYA təşkil olunub, canlı xalça istehsalı və milli geyimlər nümayiş etdirilir.
Eyni zamanda DB və BVF əməkdaşlarına Azərbaycan mətbəxini tanıtmaq məqsədilə nahar zamanı klassik
Azərbaycan musiqisi müşayiətində milli xörəklər təqdim edilir.Tədbir çərçivəsində Azərbaycanın zəngin
mədəni irsi, paytaxt Bakının mənzərələri, eləcə də ölkədəki iqtisadi inkişafı əks etdirən şəkillər və plakatlar
da nümayiş etdiriləcək.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və əməkdaşlıq çərçivəsində indiyədək
Azərbaycanda müxtəlif istiqamətlərdə həyata keçirilən 43 layihə üçün ümumilikdə 2,9 milyard dollar
məbləğində vəsait ayrılmışdır. Azərbaycan Türkiyə və Qazaxıstandan sonra Avropa və Mərkəzi Asiya
regionunda ən iri kredit portfelinə malik üçüncü ölkədir.

 
Events








ornamental
Created by Azerin LLC
carpets cuisine music01e.html